8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNÜN TARİXİ

8 Mart – Beynəlxalq Qadınlar Günüdür. İlk dəfə 1857-ci il martın 8-də ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni

zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməyə başlayıb. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdıb.

Hadisədən uzun müddət sonra Klara Setkinin təklifi ilə 8 mart tarixi 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub. Bu tarixi gün mahiyyət etibari ilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilir. Ölkəmizdə tarixən qadınlara böyük dəyər verilib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə, ümumən dünyada qadınlara seçmə və seçilmə hüququ tanıyan ilk və azsaylı dövlətlərdəndir. Məlumat üçün bildirək ki, ABŞ-da bu 1920-ci ildə təsbit olunub.

Qeyd edək ki, qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanələrində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq mümkün deyildir. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə çatdırılır.

Çində yeni doğulmuş oğlan uşağı bahalı qumaşlara, qız isə bez parçalarına sarılardı. Farslarda özlərinə həyat yoldaşı tapan qızlar günahkar sayılırdılar. Ərəblərdə isə qız uşağına sahib olmaq şərəfsizlik sayılırdı. Türk qızları isə camilərin şərəfli fərdləri idi. 

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi yaradılıb. Azərbaycan həm də BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı seçkiliyin bütün formalarınnın aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bizdə Qafqaz TV ailəsi adından bütün qadınları bu gözəl bayram münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik arzu edirik.