5 YAŞLI ŞAHMATÇI TURNİRİN QALİBİ OLDU

Xırdalan Şahmat Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Abşeron birinciliyi keçirilib. İsveçrə sistemi üzrə keçirilən birincilikdə 90 şahmatçı 3 kateqoriya üzrə mübarizə aparıb. Fide arbiteri Ruhəngiz Divirovanın rəhbərliyi və hakimliyi ilə baş tutan birincilikdə Abşeron rayonu ilə yanaşı, ölkənin digər şəhər və rayonlarından olan azyaşlı idmançılar da güclərini sınayıblar. Qaliblərin mükafatlandırma mərasimində çıxış edənlər ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısından, uşaq və gənclər arasında bu idman növünün təşviqinin əhəmiyyətindən danışıblar. Natiqlər həmçinin müstəqillik dövründə ölkəmizdə şahmatın inkişafı ilə əlaqədar görülən işlərdən, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısından bəhs ediblər. Sonra yarışın qalibləri mükafatlandırılıb. Azyaşlı şahmatçıların yarışdığı B kateqoriyasında qızlar arasında I yeri 5 yaşlı şahmatçı və yarışın ən azyaşlı iştirakçılarından biri olan Fərəh Kəlbizadə, II yeri Məryəm Zuqanova, III yeri isə Arzu Süleymanova tutub. Digər qrupda isə idmançılar 3-cü dərəcə uğrunda mübarizə aparıblar. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim edilib.