30 YAŞLI MİLLİ VALYUTAMIZ
Baxış sayı: 521
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 30 il ötür. 1992-ci ilin avqustun 15 – də 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub.
Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə AZM-ə bərabər tutulub.
2018-ci il mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub. 200 manatlıq kağız pul nişanının üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.