2020-ci il türk dünyasında “Abay Kunanbayev ili”dir.Abay Kunanbayevin 175 illik yubileyi Azərbaycanda da təntənəli şəkildə qeyd edilir.
Müasir Qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubileyi Azərbaycanda da təntənəli şəkildə qeyd edilir. “Abay Kunanbayev ili”nin ilk tədbiri Bakı Dövlət Universitetində (BDU) baş tutub. Beynəlxalq Türk Akademiyası (BTA), Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar BDU nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzini ziyarət edib, burada təşkil edilən kitab sərgisi ilə tanış olublar. Abay Kunanbayev 1845-ci ilin 29 iyulunda Qazaxıstanın Semey vilayətində, Ağasoltan ailəsində anadan olub. Kunanbayev 200-ə yaxın şeir, 3 poema, 45 nəsr əsərlərinin müəllifidir. “Dəvə qovan” adlı ilk şeirini 10 yaşında yazıb. Abayın yaradıcılıq ideyalarının əsasında maarifçi görüşləri dayanır. Tənqidi realizm ədəbiyyatlarının böyük nümayəndəsi kimi şair şeirlərində azğın və tamahkar bəylərin obrazını yaradarkən onların xarakterinin bütün cəhətlərini açmağa təşəbbüs göstərir.