Bu il “2019-cu ildə Avropanın innovasiyalar paytaxtı” adına Antverpen, Bristol, Espo, Qlazqo, Nant və Rotterdam şəhərləri namizəd irəli sürülüb. Antverpen bu müsabiqədə qabil gəlsə, yerli özəl şəxslərin və
şirkətlərin innovativ fəaliyyətinin inkişafı üzrə proqramlar üçün təqribən 1 milyon avro yardım alacaq. Avropa Komissiyası tərəfindən keçirilən müsabiqə Avropa İttifaqı şəhərlərində innovasiyaların dəstəklənməsinə yönəldilib. Bunlar, əsasən, Aİ şəhərlərinin inkişafına yönəldilmiş layihələrdir. Antverpenin müraciəti şəhər ətrafında dairəvi yolun tikintisi üzrə layihə əsasında tərtib edilib. Daha çox “Oostervel Link” adı ilə məşhur olan bu layihə iş yerləri, habelə sosial xarakterli yeni infrastruktur obyektləri, o cümlədən məktəblər, xəstəxanalar, idman meydançaları yaradacaq, yetərincə yağışlı olan bu şəhərin drenaj sistemini inkişaf etdirəcək. Bu yaxınlarda Avropa Komissiyası birinci layihənin nə üçün tənqid olunduğunu başa düşən namizədləri tərifləyib. Əvvəlki layihənin həqiqətən müəyyən qüsurları olub. O vaxtdan etibarən şəhər hazırda bütün meyarlara cavab verən bu müraciətin yeni təkmilləşdirilmiş formasının işlənib hazırlanması istiqamətində böyük işlər görüb. Şəhər meriyasının innovasiyalar üzrə müşaviri Klod Marinover jurnalistlərə müsahibəsində deyib: “Bu nominasiya bizim innovativ şəhər kimi beynəlxalq imicimizi möhkəmləndirəcək. Son illər Antverpen həqiqətən də innovativ paytaxta çevrilib. Avropa Komissiyasının bu faktı etiraf etməsi göstərir ki, biz seçdiyimiz yolla getməli və məqsədyönlülüyümüzü qoruyub saxlamalıyıq”. Qeyd edək ki, Antverpen ötən ilki müsabiqənin finalçısı olsa da, adı qısa sıyahıda yer almayıb. Bu ilin qalibi sentyabrın 25-də Brüsseldə innovasiyalar üzrə Avropa komissarı tərəfindən elan ediləcək.