20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR SANKT-PETERBURQDA DA ANIM MƏRASİMİ KEÇİRİLİB.

20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sankt-Peterburqda da anım mərasimi keçirilib.

Tədbirdə diaspor üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, burada orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rus tələbələr, Baş Konsulluğun diplomatları iştirak ediblər.Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olub.O vurğulayıb ki, 20 Yanvar hadisələri öz miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət idi.Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib və milli məsələlərin zorakı yollarla həlli cəhdlərini pisləyib. Məhz Heydər Əliyev öz xalqına sədaqət, mərdlik və mətanət nümayiş etdirərək, bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb. “İndi Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq”, - deyə Sultan Qasımov vurğulayıb.Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Vaqif Məmişov da çıxışında iştirakçılara 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin səbəblərindən ətraflı bəhs edib.O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulamış, faciəyə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyini bildirmişdi.Tədbirdə Bakıda 30 il əvvəl baş verən dəhşətli hadisələrin tarixi xronologiyası verilib.Çıxış edənlər 20 Yanvar faciəsini Azərbaycanın şərəfli tarixi adlandırıblar.