10 MART - MİLLİ TEATR GÜNÜDÜR

Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.Qeyd edək ki, bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.