“MosBuild 2019”

Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” sərgisində nümayiş olunur.

Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” sərgisində nümayiş olunur. 25-ci dəfə təşkil olunacaq və aprelin 2-dən 5-dək davam edəcək sərgidə ölkəmizi 10 şirkət təmsil edəcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş edilir.

Moskvanın ən iri “Crocus Expo” sərgi kompleksində 147,5 kvadratmetr sahədə Azərbaycanın 10 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Azərbaycan həm də sərginin qeydiyyat sahəsinin sponsorudur.

Sərgidə ölkəmizi 10 şirkət - “Bosson”, “Idea”, “BKN”, “SemSan”, “NB Group”, “Fəxrəddin-K”, “Karvan L”, “CMT Group”, “Mətanət A” və “STP” təmsil edir. Azərbaycan şirkətləri sərgi iştirakçılarına kərpic, boya, sement, bağ mebeli, kabel, plastik borular, fitinqlər və sair təklif edirlər. Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçirilir, məhsulların ixracına dair müzakirələr aparılır, yeni məhsullarının təqdimatı keçirilir.

“MosBuild” sərgisi bu il 25-ci dəfə təşkil olunub. Sərgidə 40 ölkədən 1200-dən çox şirkət iştirak edir. Aprelin 2-dən 5-dək davam edəcək sərginin təşkilatçıları geniş işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində keçiriləcək 90 biznes tədbirdə 240 mütəxəssis çıxış edəcək.