“AZ İ YA”- TƏKCƏ KİTAB DEYİL, BİR ÇAĞIRIŞ

1975-ci il. Qazaxıstanda nəşr olunan bir kitab sovet mədəniyyət aləmində sükutun içində gurultulu bir əks-səda doğurur. Söhbət Oljas Süleymanovun "Az i Ya" əsərindən gedir. Əsər, təkcə ədəbiyyat deyil, tarixin, dilin və kimliyin sərhədlərinə yönəlmiş bir elmi manifest idi. "Az i Ya" – yəni "Az və Mən" – həm türk kimliyinə, həm də rus mədəniyyətinə fərqli baxış təklif edirdi. Süleymanov bu əsərində rus dilinin bir çox əsaslarının qədim türkcə ilə əlaqəli ola biləcəyini irəli sürərək elmi və ictimai dairələrdə cəsarətli suallar qoyurdu. Əsərdə müəllif, "Slavyan və türk xalqları arasında tarixi-mədəni təmaslar çox daha dərin və qədimdir" fikrini əsaslandırmağa çalışır. Onun araşdırmaları yalnız filoloji deyil, həm də siyasi məna daşıyırdı – türk kimliyinə qiymət verilməsi, sovet dövründə görməyə öyrəşdiyimiz baxışa bir etiraz idi. Kitab nəşr olunduğu ilk gündən qadağalarla qarşılaşdı. Sovet ideologiyası üçün bu cür milli təfəkkür tərzi qəbuledilməz idi. "Az i Ya" bir müddət sonra rəsmi şəkildə dövriyyədən çıxarıldı, müəllif isə tənqidlərin hədəfinə çevrildi. Amma zaman keçdi və "Az i Ya" öz aktuallığını itirmədi. Əksinə – post-sovet dövründə əsər daha geniş dəyərləndirildi, müstəqillik yolunu tutmuş türk xalqları üçün bir mənəvi dirçəliş simvoluna çevrildi. "Az i Ya" – sadəcə kitab deyil. Bu, tarixin səssiz qalmış səhifələrinə bir hayqırışdır. Olcas Süleymanov bu əsərlə sübut etdi ki, sözün gücü bəzən siyasətdən də böyükdür.