“ARTİLLERİYANIN ATASI” FİLMİNİN TƏQTİMATI KEÇİRİLİB
Baxış sayı: 701
Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub. Filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur. Filmin nümayişindən əvvəl çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 6 aydan sonra Azərbaycan xalqı rəşadətli Qələbənin ikinci ildönümünü qeyd edəcək. O, qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı Qələbə incəsənətin bütün növlərində əks olunmalıdır. Film Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 2020-ci il iyulun 12-14-də ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.