“Şahdağ” Turizm Mərkəzi növbəti yay mövsümünə start verib. Bu məqsədlə də mərkəzdə lazımi hazırlıq işləri də görülüb. “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm
Nəcəfovun verdiyi bilgiyə görə hal hazırda mərkəzdə turistlərin hər cür istirahət etməsi üçün müxtəlif yay əyləncələri təşkil edilib.Yay mövsümünün yenicə başlamasına baxmayaraq, mərkəzdə kifayət qədər yerli və xarici turistlərə rast gəlmək mümkündür. Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib. Mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti bilgiləndirməkdir. Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı bilgi verib. Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb. Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.Məlumat üçün bildirək ki, hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər. Bu il həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib.Burada qonaqlar həm üzə ,həm də su əyləncələrindən istifadə edə bilərlər. Qeyd edək ki, 2022-ci ilin statistik bilgilərinə əsasən “Şahdağ” Turizm Mərkəzinə 109 minə yaxın ziyarətçi səfər edib. Mərkəzin tabeliyində olan hotellər isə 60 minə yaxın şəxs qonaqlayıb.