“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışına həsr olunmuş “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolorda, sənədli filmlərdə,
arxivlərdə” adlı sənədli film layihəsinin çəkilişlərinə başlayıb. Çəkilişlər Bakı şəhəri ilə yanaşı qərbi azərbaycanlıların məskunlaşdığı bir çox bölgələrimizdə də aparılır.
İctimai Birliyin rəhbəri Qafqaz TV-ə bildirib ki, layihənin məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksək keyfiyyətli sənədli film hazırlamaqdır. Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, beynəlxalq ictimaiyyətin bu sahədə bilgi səviyyəsini artırmaqdır. Filmin çəkilişləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Əvvəlcə filmin yaradıcı heyətinin ilk görüşü keçirilib. Görüşdə hazırlanacaq sənədli filmlə bağlı zəruri detallar müzakirə edilib və atılacaq növbəti addımlar müəyyənləşdirilib. Filmin yaradıcı heyəti əslən Qərbi Azərbaycandan olan və hal hazırda məcburi köçkün kimi Azərbaycanın bir çox bölgələrində və paytaxt Bakıda məskunlaşan insanlarla görüşür, onların həyat hekayələrini lentə alırlar. Habelə Sənədli filmdə şəxsi arxivlərdən və bir çox dövlət qurumlarından Qərbi Azərbaycana aid materiallar, azərbaycanlıların həqiqətəndə Qərbi Azərbaycanda yaşadıqlarını və bu torpaqların onların dədə-baba yurdları olduğunu sübut edən fotolar və sənədlərdən istifadə olunur.
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına töhfə verilməsi üçün bu sahədə maarifləndirici silsilə və kompleks fəaliyyətlərin həyata keçirilməsi çox önəmlidir. Bu vacib missiyada da “Çölçü” İctimai Birliyinin yaradıcı birliyi öz məxsusi rolunu oynamaq istəyir. Sənədli filmin 3 ay ərzində hazırlanması və geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.