ƏRDOĞAN: TÜRKİYƏ AZƏRBAYCAN-ERMƏNİSTAN SÜLH DANIŞIQLARINI DİQQƏTLƏ İZLƏYİR

Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını yaxından izləyir, Anadolu agentliyinin verdiyi bilgiyə görə bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığında deyib. Ərdoğanın sözlərinə görə, rəsmi Ankara “Cənubi Qafqazda sabitliyin təmin edilməsi səylərini dəstəkləməyə davam edəcək”. Söhbət zamanı Türkiyə Prezidenti həmçinin “Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın bütün sahələrdə müsbət nəticələr verdiyini, xüsusilə müdafiə sənayesi və yeni texnologiyalar sahəsində ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu” qeyd edib. Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: tərəflər “Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər”. “İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün bu görüşün ən effektiv format olduğu təsdiqləndi və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alındı. Sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər. Tərəflər həmçinin ikitərəfli danışıqları davam etdirmək və iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər”, - deyə Ermənistan XİN-in bəyanatında deyilir.