ƏRDOĞAN SEÇİLMƏSƏ AZƏRBAYCANI NƏ GÖZLƏYİR?

Azərbaycanda bu gün ən aktual məsələlərdən biri sabah Türkiyədə keçiriləcək seçkilərin ikinci turunda “Ərdoğanın, yoxsa Kılıçdaroğlunun seçilməsinin bizə xeyirli ”

olması məsələsidir. Və maraqlı burasıdır ki, hər iki namizədə münasibətdə müsbət və mənfi fikirlər var, əsas arqument isə “hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlər davam edəcək” yönündədir. Tarixə nəzər salsaq eyni millətin Çanaqqaladan 44 günlük müharibəyə qədərki dövrü bunu təsdiq edir. Hərçənd, məsələ hakimiyyətdə kimin olması deyil, Türkiyənin geosiyasi müstəvidə seçdiyi mövqe və regional siyasətinin davam edib-etməyəcəyidir və “Ərdoğan, yoxsa Kılıçdaroğlu” sualına bu kontekstdə baxmaq lazımdır. Məsələ burasındadır ki, Türkiyənin müstəqil siyasəti – regional güc olmaq istiqamətində izlədiyi xətt Azərbaycana iki imkan yaradır: - Birincisi, Qərb və Rusiya.  Yəni yaxın perspektivdə Azərbaycanı Qərb və Çin cəbhəsi arasında olan çətin seçimdən xilas edir. İkincisi, bu iki cəbhə arasında güclü oyunçu olan Türkiyənin timsalında müdafiə qalxanı qazanır. Biz bunu 44 günlük müharibə və müharibədən sonrakı dövrdə daha açıq şəkildə gördük: Azərbaycan Rusiya üzərindən Minsk qrupunun digər iki üzvü – ABŞ və Fransanı oyundan kənar vəziyyətə saldı; Türkiyənin bölgəyə girişi ilə Rusiyaya qarşı alternativ yaratdı; həm Rusiya, həm Qərbin təzyiqinə qarşı Türkiyə Azərbaycanın ən mühüm müttəfiqinə və əgər belə demək mümkündürsə müdafiəçisinə çevrildi. Son olaraq isə deyə bilərik ki, sabahkı seçkidə kimin qalib gələcəyi təkcə Türkiyə üçün deyil, Azərbaycan və bütövlükdə region üçün əhəmiyyətlidir.