ƏRDOĞAN İBRAHİM RƏİSİ İLƏ BUNLARI MÜZAKİRƏ EDİB

Özbəkistanın paytaxtı Daşkənddə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən bilgidə deyilir. Verilən bilgiyə əsasən, Türkiyə ilə İran prezidentləri arasında baş tutan görüşdə İsrailin Qəzzaya hücumları nəticəsində yaşanan humanitar böhran və həll yolu üçün atılacaq addımlar, Türkiyə ilə İran arasındakı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə İsrailin hücumlarının sona çatdırılmasının bölgənin və dünyanın sülhünə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə nail olmaq üçün səy göstərməsinin vacibliyini vurğulayıb. Türkiyənin qarant rolunu öz üzərinə götürərək problemi həll etməyə hazır olduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, İslam dünyası birgə mövqe nümayiş etdirməli və İsrailə təzyiqləri artırmalıdır.