ƏHALİ ARASINDA GENİŞ YAYILAN HANSI XƏSTƏLİKDİR?

Son günlər əhali arasında öskürək, halsızlıq, qusma, ishal, ürəkbulanma, əzələ ağrısı və hərarət kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir. Bəzi hallarda bunun COVID-19-un yeni ştammı olduğu ilə bağlı iddialar səsləndirilir. Əslində isə bu qrip infeksiyası, A qripidir və fəsli infeksiya hesab edilir. Mütəxəssislərin fikrincə bu hallar davamlı olacağı tədqirdə mütləq həkimə mürəciət edib təyinatı dəqiqləşdirmək lazımdır. Ölkəmizdə hər il payız-qış mövsümündə qrip əleyhinə vaksinasiya həyata keçirilir. Peyvəndləmə könüllülük xarakteri daşıyır. Səhiyyə Nazirliyindən verilən bilgiyə görə bu il də qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub. Hər il sentyabr–oktyabr aylarında dövriyyədə olan fəslə uyğun qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyayadək qoruyur. Qripə qarşı peyvəndin birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir. Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilmiş peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər. Qapalı məkanlara girərkən, mümkün qədər maskadan istifadə etmək də təsirli ehtiyat tədbirlərindən biridir.