Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılır ki, müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
Bu barədə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.Ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınan, olma müddəti mayın 1-dən 31-dək bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.Bunun üçün həmin şəxslər xidmətin internet səhifəsi vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada dövlət rüsumunu ödədikdə ölkədə qanuni qala bilərlər.Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürülməsi tələb edilmir. Zərurət olduğu təqdirdə həmin şəxslər xidmətin internet səhifəsi vasitəsilə qərarları əldə edə bilərlər.