ŞAHİN FAZİL - AZƏRBAYCAN ELMİNDƏ YERİ GÖRÜNƏCƏK ADAM

Gedirəm Allaha doğru deyən Azərbaycanın tanınan şərqşünas alimi, tarixçisi, şairi Şahin Fazil bu dünyaya səfərini sonlandırıb, haqq dünyasına yol aldı. Bu dünyada isə onun adını

unutdurmayacaq kitabları, elmi məqalələri və şerləri qaldı. Hansı sənət olur olsun, ona gərək ürəklə yanaşasan deyirdi tarixçi alim, bu dünyada insan zəhmətini, əməyini bir başqa üstün tutardı. Elə yaşamı boyunca da çəkdikyi zəhmət idi onun uğurların başlıca sirri.

Həm elmi, həm də poeziyanı özünə qanad edən Şahin Fazilin bəlkə də dünyaya gəldiyi tarix elə bir tarix idi ki,  uşaq olsa da ona ikinci dünya savaşının ağrırlığını və məhrumiyyətlərini də hiss etdirdi. Bəlkə də bu dünyanının gerçək üzünü elə dünyaya gəldiyi gündən hiss etdiyindən, əlinə qələm alar- almaz tarixin gerçək üzünü araşdrımağa başlaması da bununla bağlı idi?

1940-cı ilin yaz günlərinin birində doğulmuşdu Şahin Fazil oğlu. İllər keçdi, öncə orta məktəbi, sonra isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsdini fəqrlənmə diplomu ilə bitirib, elmi çalışmalarına başladı.

Universiteti yenicə bitirən bir gəncin ilk sınaq yolu isə Əfqanıstandan başladı. 3 il Əfqanıstanda tərcüməçi kimi çalışan Şahin Fazil vətənə qayıtdıqdan sonra, EA-nın Tarix İnstitunda aparıcı elmi işçi və baş elmi işçi kimi çalışmalarını davam etdirir. Tarix elmləri doktoru olur, professor elmi adını alır.

Zəhmətini uğuruna çevirməyi bacaran Şahin Fazil 200-dən çox elmi kitabların yazarı olur. Dünyanın bir çox ölkələrinə səfərlərinə baxmayaraq, yaradıcılığı boyu, Azərbaycan dilinin təmziliyinin, saflığının qorunmasına çalışır, çağdaş divanlar yaradır.

2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, Şahin Fazil.

Artıq bir müddət idi ki, vətəndən uzağa səfərlərdən yorulduğundan, daha səfərlərə çıxmırdı. Özünü yalnız elmi çalışmalarına və tərcümələrinə, bir də ruhunu bir başqa dindirən şerlərinə, haykurlarına vermişdi.  Bəlkə də hiss etmişdi, 85 yaşının içində onu hansı səfərin gözlədiyini. Elə ona bu dünyadakı qanad olan elmin, bir də ki, poeziyanın qanadlarında Allaha doğru səfərə çıxacağını.