ŞABRANDA ŞƏHİDİN AD GÜNÜ QEYD EDİLDİ

Ermənilərin mina terrorunun qurbanı olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Seyidov Tural İslam oğlunun şəhid olduqdan sonra doğulduğu Şabran rayonunun Günəşli

kəndində ilk ad günü mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, hərbçi yoldaşları, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, rəsmi qurumların təmsilçiləri iştirak edib.Anım günü münasibəti ilə   əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb,  şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı verilib.  Şəhidimizin təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.Mərasimdə çıxış edənlər 30 yaşı tamam olan şəhid Tural Seyidovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər. Şəhidin atası İslam Seyidov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Seyidov Tural İslam oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  “Vətən uğrunda” medalları və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.