ŞABRANDA ŞƏHİD BULAĞININ AÇILIŞI OLDU

Aprelin 28-də Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid gizir Füzuli Salahovun doğum günü doğulduğu Şabran rayonun Gəndov kəndində qeyd edildi. Xatirəsini əbədiləşdirmək üçün inşa edilən bulağın çevrəsində. Şəhid gizirin xatirəsini anmaq üçün gələn qonaqları bulağın yanında düşüncəli əyləşmiş atası Süleyman kişi qarşılayırdı. Gözlərində həm nisgil, həm də qürur. Şəhid Füzuli Salahovun anası Sevda ananın da gözləri yollara dikilmişdi. Oğlunun adına inşa edilmiş bulağı ziyarətə gələnlərin əllərində Füzulinin şəkillərini gördükcə sanki oğlunu qarşısında görür, şəkillərə sarılıb həsrətini dindirirdi. Onun ovunduracaq bir şey də vardı. İndi tək oğlu ilə o qüruru duymurdu, bütün Azərbaycan, eli, obası onun şücaətini bilir, onunla fəxr edir.