ŞƏHİD XÜSUSI TƏYİNATLI İLKİN AĞAQULİYEV ANILDI
Baxış sayı: 377
Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Xalqımızın unutmadığı, belə qəhrəmanlarımızdan biri də, Ağaquliyev İlkin Saməddin oğludur. 44 günlük Vətən Müharibəsində tarix yazan İlkin, 2000-ci ildə Şabran şəhərində dünyaya göz açıb. O, Ağaquliyevlər ailəsinin yeganə övladı olub. Gənc İlkinin vətən sevgisi o qədər güclü olub ki,valideynlərinin təkidinə baxmayaraq hərbi xidmətdən sonra ordu sıralarında qalıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən İlkin Ağaquliyev qısa müddət ərazində bütün şəxsi heyətin rəğbətini qazanıb. Vətən Müharibəsinin başlaması İlkin Ağaquliyev üçün sanki illərdir gözlədiyi an idi. Böyük həvəslə döyüşə Qatılan qəhrəman kəşfiyyatçı Murovdağ zirvəsi və Suqovuşanın azad edilməsində xüsusi şücaət göstərib. Ağdərə istiqamətində gedən ağır döyüşdə isə düşmənin snayper gülləsinə tuş gələrək, şəhadətə yüksəlib. İlkin Ağaquliyev yaşasaydı 23 yaşı tamam olacaqdı. Lakin o, vətən torpaqlarının azadlığını canından üstün tutdu. Onun şəhadətindən 3 ilə yaxın vaxt ötməsinə baxmayaraq nə ailəsi nə də yaxınları İlkinin yoxluğuna inana bilmir. İndi Ağaquliyevlər ailəsinin tək təsəllisi yeganə övladlarının qısasının yerdə qalmaması və torpaqlarımızın azadlığa qovuşmasıdır. Bu tarixi zəfərdə İlkinin də payının olması valideynlerini hər zaman qürurlandırır.