Vətən uğrunda canlarından keçən şəhidlərimizin ən böyük arzusu doğma torpaqlarımızın azadlığı idi. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız, yenidən qurulan şəhərlərimiz və canlanan həyat həmin qəhrəmanlığın təntənəsidir.
Şəhid ailələrinin azad edilmiş ərazilərə səfəri isə qürur, fəxarət və dərin mənəvi duyğularla yadda qalıb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının təşkilatçılığı ilə keçirilən səfərdə təşkilatın sədri Fidan Hüseynova, əməkdaşlar, şəhid ailələri, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri iştirak ediblər.Səfərin ilk dayanacağı Azərbaycanın tarixi-memarlıq irsinin mühüm nümunələrindən olan Əsgəran qalası olub. Əsrlərin yadigarı olan qala Qarabağın zəngin tarixini və strateji əhəmiyyətini özündə yaşadır. Növbəti dayanacaq Xankəndi şəhəri olub. İştirakçılar şəhərin mərkəzi parkı ilə tanış olub, burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat əldə ediblər.Vaxtilə həsrət qaldığımız, bu gün isə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün rəmzlərindən birinə çevrilən Xankəndidə olmaq səfər iştirakçıları üçün xüsusi əhəmiyyət daşıyıb.Səfərin mənəvi baxımdan əhəmiyyətli ünvanlarından biri Xankəndidə yerləşən Zəfər meydanı olub. Meydan Azərbaycanın ərazi bütövlüyünün bərpasını və tarixi Qələbənin xalqımız üçün daşıdığı mənanı təcəssüm etdirir.Səfər iştirakçıları Qarabağ Universitetini də ziyarət ediblər. Universitet azad edilmiş ərazilərdə təhsilin inkişafının, gənclərin gələcəyinə sərmayənin və bölgədə həyatın bərpasının mühüm göstəricisidir.Səfər çərçivəsində Şuşa şəhəri də ziyarət olunub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa tarixi irsi, memarlıq abidələri və füsunkar təbiəti ilə xalqımızın milli yaddaşında xüsusi yer tutur. Şuşanın məşhur istirahət məkanlarından olan İsa bulağı səfərin növbəti ünvanı olub. Ətrafın füsunkar təbiəti və bulağın özünəməxsus gözəlliyi iştirakçıların diqqətini cəlb edib.Səfərin növbəti ünvanı Cıdır düzü olub. Şuşanın füsunkar təbiəti, dağların əzəməti və geniş mənzərələri iştirakçılarda dərin təəssürat yaradıb. Xalqımızın qəlbində xüsusi yeri olan Cıdır düzündə dayanmaq, illərlə həsrətində olduğumuz bu torpaqları azad görmək şəhid ailələri üçün həm qürurverici, həm də duyğusal anlarla yadda qalıb.Şuşada iştirakçılar görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Bu məkan milli ədəbiyyatımızın zənginliyini və Şuşanın Azərbaycanın mədəniyyət tarixindəki mövqeyini əks etdirir.Şəhid ailələri Şuşanın memarlıq incilərindən olan Gövhər ağa məscidinə də baş çəkiblər. Məscid Azərbaycanın dini-mənəvi irsinin və əsrlər boyu yaşadılan milli dəyərlərinin mühüm nümunəsidir.Qarabağın müxtəlif ünvanlarını əhatə edən səfər şəhid ailələrinə övladlarının uğrunda canlarından keçdikləri torpaqların azadlığını və dirçəlişini öz gözləri ilə görmək imkanı yaradıb. İştirakçılar dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını, səfərin təşkilinə görə isə Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildiriblər.
