Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100
illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, gənclər və könüllülər, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak ediblər.Ekoloji aksiya zamanı Quba-Xaçmaz magistral avtomobil yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsinə 350-dən çox şam ağacı əkilib.Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin qubalıların Ulu Öndər Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur.