ÖZBƏKİSTANDA AZƏRBAYCANA DAİR MÜSABİQƏNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB
Baxış sayı: 386
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr - dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər Birliyinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.Əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül-çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinnin direktoru Samir Abbasov çıxış edərək azərbaycanlıların həmrəylik günü haqqında bilgi verib və qeyd edib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Diplomat vurğulayıb ki, soydaşlarımızın həmrəyliyi və onların Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi layihəsinin məhz, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu vurğulayıb. Samir Abbasov yola saldığımız 2022-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər reallaşdırdığını, dövlətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Daşkənddə Mirabad rayonunda Heydər Əliyev xiyabanının açılışı olduğunu qeyd edib. Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev ölkələrimiz arasında mədəniyyət və jurnalistika sahələrində əlaqələrin durmadan inkişaf etdiyini bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə böyük işlərə imza atdığını, Özbək mətbuatı ilə sıx əməkdaşlığın qurulduğunu bildirib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıb, 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərinin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın turizm paytaxtı, TÜRKSOY təşkilatı tərəfindən isə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd edib. Sonra müxtəlif nominasiyalar üzrə Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim edilib.