ÇAY VƏ QƏHVƏNİ ÇOX İÇƏNLƏRƏ ŞAD XƏBƏR
Baxış sayı: 83
Dünyanın ən məşhur içkiləri olan qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırmaya görə, bu içkilər ürək sağlamlığına müsbət təsir göstərir. Çin və İsveç alimlərinin apardıqları araşdırma qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.
Araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır. Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar. Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib. Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçılar ürək-damar sağlamlığında bu içkilərin heç birini içməyənlərə nisbətən daha yaxşı nəticələr əldə ediblər. Bundan əlavə, kofein qəbul edənlər qan testlərində aşağı xolesterol və insulin müqaviməti əlamətləri göstəriblər. Nəticə olaraq, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir. Bununla belə, bu nəticənin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu bildirilir.