ÇÖLÇÜLƏRİN TULLANTI OVU

Yay mövsümünün gəlişi ilə, təbiət qoynuna – dağlara, meşələrə üz tutan turistlərin sayı da artır. Əlbəttə insanların təbiətə yaxın olmaq istəyi sevindirici haldır, ancaq təəssüf ki,

bu insan axınından sonra çox zaman geriyə qalan dəhşətli mənzərələr olur.

Belə mənzərələrin yaranmaması üçün isə, sadəcə hər kəsin təbiətə təkcə maraq və sevgi ilə yox, həm də hörmətlə yanamşası, arxasında zibil buraxmaması lazımdır.

Biz hamımız təbiəti təmiz, olduğu kimi sevirik, gəlin təbiəti elə olduğu kimi də qoruyub, gələcək nəsillərə çatdıraq.

Elə bu məqsədlə iyulun 25-də “Çölçü klubu”nun üzvləri və Qafqaz TV-nin əməkdaşları Qubanın İspik meşələrində zibil ovuna çıxdılar. Bir neçə saat ərzində böyük bir ərazini zibildən təmizləyən çölçülər, topladıqları zibilləri zibil paketlərinə dolduraraq, xüsusi dəvət olunmuş yük maşını vasitəsi ilə təbiət qoynundan çıxarıb, xüsusi olaraq tullantıların utilizasiyası üçün nəzərdə tutulmuş əraziyə daşıdılar.

Geriyə özlərindən sonra təmiz meşə ərazisi buraxan çölçülər bununla başqalarına da, xüsusən də meşələri, dağları, təbiəti zibilləyib gedən insanlara təbiətin təmiz olaraq qorunmasının vacibliyini bir daha xatırlatdılar.

Qeyd edək ki, Çölçü Klubu bu tip aksiyaları bundan sonra da davam etdirmək, ay ərzində bir neçə dəfə meşələrə, dağlara, çay və göl sahillərinə zibil ovuna çıxmağı planlaşdırırlar. Arzu edənlər Qafqaz TV və Çölçü Klubunun sosial şəbəkə səhifələri vasitəsi ilə çölçülərlə əlaqə saxlayıb, bu aksiyalara könüllü qoşularaq, zibil ovunda iştirak edə bilərlər.