ÇÖLÇÜ İB REGİONAL EXPO QUBA 2026-DA İŞTİRAK ETDİ

Çölçü İctimai Birliyi Quba şəhərində keçirilən REGİONAL EXPO QUBA 2026 tədbirində özünəməxsus stendi ilə iştirak edərək milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işləri təqdim edib. MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksi-ndə keçirilən sərgidə birlik ziyarətçilərin diqqət mərkəzində olub. Çölçü İctimai Birliyi tədbirdə Türk dünyasının qədim milli irsinin, etno-mədəni dəyərlərinin və ənənələrinin yaşadılması istiqamətində həyata keçirdiyi layihələri nümayiş etdirib. Birliyin stendində ənənəvi oxçuluq sənəti, türk yaşam tərzi, təbiətlə harmonik yaşam fəlsəfəsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə bağlı bilgilər təqdim olunub. Birlik nümayəndələrinin sözlərinə görə, əsas məqsəd müasir dövrdə insanların təbiətdən uzaqlaşmasının qarşısını almaq, xüsusilə gənclər arasında milli kimliyə bağlılığı gücləndirmək və qədim etno-mədəni irsi yaşatmaqdır. Çölçü İctimai Birliyi bu istiqamətdə təşkil etdiyi etno düşərgələr, ənənəvi oxçuluq təlimləri və maarifləndirici layihələrlə cəmiyyətə fərqli yanaşma təqdim edir. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan stenddə ziyarətçilərə qədim türk döyüş sənətləri, oxçuluq ənənələri və təbiətlə iç-içə yaşam mədəniyyəti barədə geniş bilgi verilib. REGİONAL EXPO QUBA 2026 çərçivəsində Çölçü İctimai Birliyinin fəaliyyəti təşkilatçılar tərəfindən milli irsin qorunması və təbliği baxımından nümunəvi təşəbbüs kimi qiymətləndirilib.