ÖLKƏDƏ ARTAN ERKƏN BOŞANMALARIN SƏBƏBLƏRİ
Baxış sayı: 4
Ailə həyatı mürəkkəb və çoxcəhətlidir. Gənc ailələrdə sosial konfliktlərin və boşanmaların yaranmasında yalnız ailənin özü deyil, həm də valideynlərin gənc ailəni anlamaması, cütlüklərin hər birinin özünəməxsus dəyərlərə malik olması, maddi çətinliklər, ümumi dünyagörüşün fərqliliyi və bu kimi digər amillərdir. Statistika göstərir ki, Azərbaycanda nikaha xitam verənlərin əksəriyyəti gənclərdir. Boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir. Zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir. Boşanmaların artmasının bir digər səbəbi isə sosial şəbəkələrdir. Səbəbindən asılı olmayaraq, boşanma daha çox boşanan ailələrdəki uşaqlara mənfi təsir göstərir. Belə ki, araşdırmalara görə, valideynləri boşanmış uşaqlarda psixoloji problemlər və özgüvənsizlik daha çox nəzərə çarpır. Əvvəlki illərlə müqayisədə ailə modelləri xeyli dəyişib, cəmiyyətin əsas sütunlarını təşkil edən klassik ailə modeli və ailə institutu demək olar ki,sıradan çıxmaq üzrədir. Məsələn vaxtıykən bizim cəmiyyətdə boşanmalara pis baxılırdı və buna qarşı ictimai qınaq çox güclü idi. Əvvələr ayrılan kişi və qadınlara pis baxıldığı üçün cəmiyyətimiz boşanmaya meyilli deyildi. Qərb ailə modelinə yaxınlaşmağa çalışan bu günkü gənclik, təəssüf ki, artıq boşanmaya ailə dramı kimi yanaşmırlar. Təbii ki, dövlətin qanunvericiliyi boşanma və boşanmadan sonra yarana bilən bütün problemlərin həllini nəzərdə tutur. Lakin stereotiplərin qırılması qanunvericiliklə həll edilə bilməz. Bunun üçün cəmiyyətin düşüncəsinin dəyişməsi lazımdır.
