YENİYETMƏLƏR ARASINDA ZƏRƏRLİ VƏRDİŞLƏR VƏ ONLARIN TÖTƏTDİKLƏRİ FƏSADLAR

Sağlamlıq insana doğuşdan bəxş edilir, ancaq onu ömür boyu qorumaq üçün, erkən yaşlardan qocalığa qədər möhkəmlənməsinə diqqət yetirilməlidir. Əgər erkən yaşlarda uşağın sağlamlığı əsasən ailənin həyat tərzindən asılıdırsa, yeniyetməlik dövründə isə bu ətraf mühitin təsirindən daha çox asılı olur. Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlər adətən uşaq və gənclərdə böyükləri yamsılama nəticəsində baş verir. Bu vərdişlər qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonrakı illərdə daha böyük problemlər yaradır. Ekspertlərin fikrincə, siqaretin, alkoqolun və narkotikin zərərləri ilə bağlı gənclərimizi nə qədər çox maarifləndirsək, gələcəyimizə bir o qədər inamla baxa bilərik. Avropada gənclərin 40 faizi elektron siqaretdən istifadə edir. Gənclər bunun daha zərərsiz və siqareti tərgitmək üçün səmərəli üsul olduğunu düşünsələr də, statistika onun tam əksini deyir. Belə ki, elektron siqaretin buxarı insanlarda ürək-damar və onkoloji xəstəliklərə səbəb olur. ÜST-ün məlumatına görə dünya ölkələrinin çoxunda ən çox rast gəlinən və ən çox ölümə gətirib çıxaran səbəblər arasında ilk sırada ağciyər xərçəngi durur. Son 40 ildə iki dəfədən artıq artım göstərən ağciyər xərçənginə yalnız ABŞ-da hər il 160 min adam tutulur. Türkiyədə isə hər il 30-40 min adamda ağciyər xərçənginə rast gəlinir. Çox təəssüf ki, Azərbaycanda da bu rəqəmlər kiçik deyil və artan templə gedir. Rus yazıçısı Fyodur Dostoyevski qələmə aldığı “Qumarbaz” əsərində yazırdı - “İnsan təbiətcə vəhşidir və o, əzab verməyi sevir”. Zərəli vərədişlərin aludəçisi bu yolla nəinki özünə, valideynlərinə, ətrafına, hətta gələcəkdə dünyaya gələcək körpəsinə də əzab vermiş olur. Bu mənada valideynərin də üzərinə böyük vəzifə düşür. Övladlarınızın yanında siqaret çəkərək onlara yanlış örnək olmayın. Çünki sizi örnək almağa çalışan istər qız, istərsə də oğlan özünü sübut etmək üçün eyni əməli təkrarlamaqdan qaçınmayacaq.