MƏİŞƏT ZORAKILIĞINA QARŞI CƏMİYYƏTİN GÜCÜ
Baxış sayı: 18
Dünyada geniş yayılmış problemlərdən biri - məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bununla belə, məişət zorakılığı probleminin həll edildiyini söyləmək çətindir. Mütəxəssislərin fikrincə, zorakılığın əsasında psixoloji şiddət dayanır. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. İnkar etmək olmaz ki, bəzi hallarda qadınlar da şiddət törədirlər. Lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün edilir. Məişət zorakılığı baş verən ailələrə cəmiyyətdə münasibət də birmənalı olmur. Adətən bu cür ailələr problemli ailə, həmin ailələrdə böyüyən uşaqlar isə problemli ailələrin uşaqları kimi qəbul olunurlar. Bir çox hallarda belə münasibətlər uşaqların ya intiharı, ya da cəmiyyətə qarşı aqressivləşməsinə gətirib çıxarır. Odur ki, bütün hallarda məişət zorakılığı halları cəmiyyət üçün ən ciddi problemli məsələ kimi qəbul olunur. Bu sahədə əhalinin maarifləndirilməsinin aparılması üçün müvafiq dövlət qurumları ilə vətəndaş cəmiyyətini təmsil edən təşkilatların daha geniş şəkildə əməkdaşlıq etməsi, birgə qabaqlayıcı tədbirlərin keçirilməsi zərurəti də günümüzün vacib reallıqlarındandır.
