Müasir dövrdə yeniyetmələr sosial şəbəkələrin, müxtəlif informasiya axınının və sürətlə dəyişən həyat tərzinin təsiri altında formalaşırlar.
Bununla yanaşı, ictimai nəqliyyatda, parklarda, məktəb ətrafında, ticarət mərkəzlərində və digər ictimai məkanlarda davranış mədəniyyəti hər bir vətəndaşın ümumi mədəniyyətinin göstəricisidir. Bəs yeniyetmələr bu qaydalara nə dərəcədə əməl edirlər? Ailə, məktəb və cəmiyyət bu istiqamətdə necə əməkdaşlıq etməlidir? Şübhəsiz ki, yeniyetmənin şəxsiyyət kimi formalaşmasında ailədən sonra ən böyük təsir göstərən mühit məktəbdir. Şagird gününün böyük hissəsini məktəbdə keçirdiyindən bu qaydaların onlara aşılanmasında məktəbin üzərinə böyük vəzifə düşür. Bu gün tez-tez belə ifadələr eşidirik: "Gənclər dəyişib", "İndiki uşaqlar əvvəlkilərə oxşamır." Amma bunun səbəbləri üzərində düşünmək də vacibdir. Onlar hansı mühitdə böyüyür, hansı nümunələri görür, boş vaxtlarını necə keçirirlər? Bütün bunlar onların davranışına birbaşa təsir göstərən amillərdir. Əvvəllər böyüklərin bir sözü, bir nəsihəti gənclər üçün ciddi nümunə hesab olunurdu. Bu gün isə gənclərlə ağsaqqallar arasında ünsiyyət və dialoqda bir qırılma hiss olunur. Bu ünsiyyəti əvvəlki kimi yenidən gücləndirmək üçün, ağsaqqallarımızın üzərinə böyük yük düşür. Bu günün yeniyetmələri sabahın valideynləri, müəllimləri, həkimləri, mühəndisləri, bir sözlə dövlətimizin inkişafına töhfə verəcək vətəndaşlardır. Onların düzgün tərbiyəsi hər birimizin ortaq məsuliyyətidir. Unutmamalıyıq ki, ictimai yerlərdə mədəni davranış yalnız qaydalara əməl etmək deyil, həm də başqalarının hüquqlarına hörmət etməkdir.
