MÜASİR DÖVRÜN BƏLASINA ÇEVRİLƏN ENERGETİK İÇKİLƏR
Baxış sayı: 11
İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur. Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin və quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bəzi ekspertlərin fikrincə enerji içkiləri araqdan və siqaretdən daha zərərlidir. Hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir, deyənlər də var. Yeniyetmələri energetik içkilərdən uzaq tutmağın ən yaxşı yolu məlumatlandırma, düzgün nümunə göstərmə və sağlam həyat tərzini təşviq etməkdir. Bu prosesdə valideynlər, müəllimlər, ziyalılar, ağsaqqallar və cəmiyyət birlikdə fəaliyyət göstərməlidir. Onlara izah edilməlidir ki, bu içkilərin tərkibində yüksək miqdarda kofein və şəkər var ki, bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ekspertlərin fikrincə 18 yaşdan aşağı olan uşaqlara energetik içkilərdən istifadə qadağan olunmalıdır. Xüsusilə valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Necə ki spirtli içkilərlə bağlı hansısa ailədaxili qadağalar, müəyyən nəzarət sistemi var, bu şəkildə də energetik içkilərə olmalıdır. Birmənalı şəkildə məktəblərdə bunun satışı qadağan olunmalıdır. Həm valideynlər, həm də müəllimlər bu məsələdə fəal olmalıdırlar.
