MÜASİR CƏMİYYƏTDƏ NARKOMANİYA PROBLEMLƏRİ

Müasir dövrdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmaqdadır. Təəssüflə qeyd etməliyik ki, "ağ ölüm" adlandırılan bu bəlanın qurbanları durmadan artır. Bu öldürücü maddələrin pəncəsindən yaxa qurtarmağa çalışanlar tapılsa da, ancaq atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Statistika göstərir ki, Narkomaniya çoxlu sayda müxtəlif, o cümlədən ağır cinayətlərin birbaşa səbəbidir. Narkomaniyaya qarşı mübarizə hamının borcudur. Bu bəlaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır. Bu istiqamətdə ziyalılarımızın və ağsaqqallarımızın rolu xüsusilə vacibdir. Hər bir şüurlu vətəndaş bu zərərli vərdişdən şəxsən kənar durmaq üçün səy göstərməli və özü də bu yolun dəhşətli nəticələri haqqında ictimaiyyət arasında təbliğat aparmalıdır. Narkomaniyaya qarşı mübarizə bir gün belə dayandırılmamalıdır və bu işdə fəal olmaq hər bir vətəndaşın təkcə hüququ deyil, həm də mənəvi və insani borcudur!