Xalqımız tarixən ailə institutunu yüksək milli və əxlaqi dəyərlər çərçivəsində qoruyub saxlayıb.
Lakin bir sıra hallarda sağlam ailə institutuna xələl gətirən hadisələr meydana çıxır ki, bunlardan biri də erkən nikahlardır. Erkən nikah problemi, təəssüf ki, bu gün də cəmiyyətdə aktual problemlərdən biri olaraq qalmaqda davam edir. Araşdırmalar nəticəsində məlum olub ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir çox hallarda valideynlərinin təzyiqi, ailədə sosial vəziyyətin ağırlığı və digər səbəblərdən baş verir. Erkən nikahlara meyilli ailələrin övladları 8-9-cü sinifdən məktəbdən uzaqlaşırlar, belə olan halda, aydın məsələdir ki, müəllim və məktəb direktorları vəziyyətə nəzarət edə bilmirlər. Lakin heç kimə sirr deyil ki, məktəblilərin orta məktəbdə oxuya-oxuya nişanlanması halları da var. Hətta bəzi hallarda qız toyu da edilir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanan nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün isə iki əsas şərt var: nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilən həddə olmalıdır. Azərbaycanda nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib.
