ŞANLI ORDUMUZUN ZƏFƏR TARİXİ

2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı. Vətən müharibəsində qazanılan qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. 44 günlük müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı ərazi bütövlüyümüz uğrunda canını qurban verdi. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.