“QIRMIZI KÖRPÜ” BƏRPA EDİLƏCƏK

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. Nazir Tea Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürcüstanda görməkdən məmnun olduğunu vurğulayıb. Bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafına xidmət etdiyini bildirib. Nazir Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu bildirib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır. Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycan “Qırmızı körpü” abidəsini birgə bərpa etməklə bağlı müzakirələr aparır. Nazir bildirib ki, “Qırmızı körpü” həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir: Nazir vurğulayıb ki, UNESCO çərçivəsində Gürcüstan və Azərbaycan qarşılıqlı dəstəyi, bir-birinin maraqlarının müdafiəsini aktiv şəkildə davam etdirəcək.