“PEDAQOQ, ŞAİR, HƏM DƏ NASİR”

ADPU-nun Quba filialında Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi, şair-yazıçı Rahib Sədullayevin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.Karantin qaydalarına tam şəkildə riayət olunmaqla baş tutan tədbirdə filialın direktoru dosent Yusif Alıyev, həmçinin şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, tanınmış şair və ədəbiyyatşünas, filialın keçmiş müəllimi Zakir Məmməd və filialın 25 nəfər əməkdaşı iştirak edib.Filialın direktoru dosent Yusif Alıyev çıxış edərək bildirib ki, yubileyin 180 nəfərlik yeni akt zalında keçirilməsinin xüsusi simvolik mənası var və yenicə təmirdən çıxmış bu möhtəşəm akt zalında gələcəkdə da belə əlamətdar tədbirlər təşkil olunacaq. Direktor həmçinin filiala rəhbərliyə başladığı ilk günlərdən söz açıb və Rahib müəllimin insani xarakteristikasını verib. R. Sədullayevin sənətindən bəhs edən Y. Alıyev onu bu cür təsvir edib: "Pedaqoq, şair, həm də nasir". Daha sonra Rahib Sədullayev fəxri kürsüyə dəvət edilib. Direktor Yusif Alıyev onu Azərbaycan ədəbiyyatı qarşısında, təhsildə, gənc nəslin təlim-tərbiyəsində və vətənpərvərlik irsinin təbliğində göstərdiyi xidmətlərə və anadan olmasının 65 illik yubileyi münasibətilə təltif edib. Müəllimə Sertifikat və hədiyyələr təqdim olunub.Müəllimin yaradıcılığından şeirlər səsləndikdən sonra həyat və fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edilib. Videoçarxda Rahib müəllimin təhsil, karyera həyatı, yaradıcılığı təsvir olunub. Şagirdlərinin dəfələrlə respublika fənn olimpiadalarında müvəffəqiyyət qazanması, Rahib müəllimin buna görə mükafatlandırılması vurğulanıb. Həmçinin müəllimin ölkənin ictimai həyatında rolu, Azərbaycana müxtəlif seçkiləri izləmək üçün gəlmiş AŞPA nümayəndələrini tərcüməçi kimi müşayiət etməsi, "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması xatırlanıb, "Oğurlanmış həqiqət", "Yaxşılığın göz yaşları", "Nələr olmur, dünya, səndə?" kitabları və müxtəlif dərs vəsaitlərindən bəhs olunub.Növbəti fəxri fərmanı isə səbəbkara Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi, "Gülüstan ədəbi məclisi" adından Şıxəmməd Seyidməmmədov təqdim edib. O, Rahib Sədullayevi təbrik edərək onunla bağlı xatirələrini dilə gətirib. Rahib müəllimi təkcə yaxşı deyil, əla keyfiyyətlərə malik insan, müəllim adlandırıb.Tədbirə dəvət olunmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı maraqlı monoloqu ilə diqqət çəkib. O, Rahib müəllimin timsalında tədqiqat işləri üçün Quba ədəbi mühitinin dərya olduğunu və ADPU Quba filialının bu istiqamətdə xeyli işlər gördüyünü açıqlayıb. Tədbirin davamı olaraq Rahib müəllimin müxtəlif qurum və sturukturlarda çalışan tələbələrinin təbrik videoçarxı təqdim edilib. Sonda söz Rahib Sədullayevə verilib. Tədbir Rahib Sədullayevlə sual-cavab formatında davam edib və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.