“KARABAKH.CENTER” LAYİHƏSİNİN TƏQDİMATI OLUB

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub. Tədbir iştirakçılar ı əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. Tədbirdə iştirak edən İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur. Təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir. Bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” əhəmiyyətindən danışıb. Bildirib ki, “Karabakh.Center” internet-resursunun vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq.Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən "Qarabağda Urbisid" adlı videoçarx göstərilib. Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Bu internet resursunda toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.