“AXIRINCI NAMAZ” FİLMİ YENİDƏN ÜZƏ ÇIXDI

Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Dövlət Film Fondundan onu da bildirdilər ki, araşdırmaların davamı olaraq, qısametrajlı bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.