ƏKRƏM QAFLANOĞLUNUN 75 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) yazıçı, publisist, “Qızıl Kəlmə” mükafatı laureatı Əkrəm Qaflanoğlunun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə elm, təhsil, mədəniyyət, ədəbiyyat, incəsənət və ictimai həyatın müxtəlif sahələrini təmsil edən ziyalılar, dövlət qurumlarının nümayəndələri, yaradıcı şəxslər, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Əkrəm Qaflanoğlunun həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub. Yubiley tədbirinin açılış nitqi ilə ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev çıxış edib. Professor Yusif Alıyev Əkrəm Qaflanoğlunu 75 illik yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində ədəbiyyat, publisistika, sənətşünaslıq və milli-mədəni dəyərlərin təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. O, yubilyarın yaradıcılıq irsinin gənc nəslin milli-mənəvi dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıb və Əkrəm Qaflanoğluna möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni əsərlər arzulayıb.Çıxışının sonunda ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə professor Yusif Alıyev tərəfindən yazıçı - publisist Əkrəm Qaflanoğlu Fəxri Fərmanla təltif olunub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun yubilyara ünvanladığı təbrik məktubu Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova tərəfindən oxunub. Yubilyara Quba Rayon İcra Hakimiyyəti adından çiçək dəstəsi və simvolik hədiyyə təqdim olunub. Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edənlər Əkrəm Qaflanoğlunun ədəbiyyat, publisistika, sənətşünaslıq, muğam sənətinin tədqiqi və təbliği, milli-mədəni irsin qorunması və ictimai-mədəni proseslərdə iştirakı xüsusi vurğulayıblar. Bildirilib ki, onun yaradıcılıq fəaliyyəti müxtəlif nəsillər arasında mənəvi-mədəni körpünün formalaşmasına xidmət edən istiqamətləri ilə seçilir. Yubilyara ünvanlanan səmimi təbriklər, xatirələr və xoş arzular Əkrəm Qaflanoğlunun 75 illik yubileyinin yalnız bir yaradıcının ömür yolunun deyil, həm də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və ictimai fikir mühitinə həsr olunmuş çoxillik fəaliyyətin ehtiramla dəyərləndirilməsi olduğunu nümayiş etdirib.Tədbirdə vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin valideynləri ailələri adından Əkrəm Qaflanoğluna xoş sözlər ünvanlayıb , yubilyara Fəxri Fərman təqdim ediblər. Yubiley tədbirində ADPU-nun Quba filialının tələbələrinin ifasında Əkrəm Qaflanoğlunun yaradıcılığına həsr olunmuş şeirlər səsləndirilib, tanınmış şəxsiyyətlərin yubilyar haqqında söylədikləri fikirlər tədbir iştirakçılarına təqdim olunub. Sonda yubilyarın iştirakı ilə xatirə fotosu çəkdirilib.Tədbir səmimi çay süfrəsi ətrafında davam etdirilib.