ŞUŞA DÖVLƏT QORUĞU İDARƏSİ YARADILDI

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılıb. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (bundan sonra – İdarə) nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Müəyyən edilib ki: İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır; İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir; İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.