ÜMUMDÜNYA TURİZM TƏŞKİLATININ YENİ QƏRARGAHI AÇILACAQ

BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda özünün Yaxın Şərq üzrə baş qərargahının açılacağı barədə bəyanat yayıb. Təşkilatın bu qərarı krallığın Dünya Bankı ilə birlikdə turizmə dəstək fonduna 100 milyon dollar məbləğində yardım ayırmasından sonra qəbul edilib.AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti krallığın turizm nazirinə BMT ÜTT ilə əməkdaşlıq haqqında sənədin layihəsini hazırlamaq göstərişini verib. Bundan başqa, Omanın Turizm və İrs Nazirliyi və Fransanın müvafiq qurumu ilə turizm sektorunda əməkdaşlığa dair sazişlər də imzalanacaq.Rəsmi SPA agentliyinin yazdığına görə, Səudiyyə Ərəbistanı 2030-cu ilədək turizm sektorunun ümumi daxili məhsulda payını 10 faizə çatdırmağı planlaşdırır. Krallığın turizm naziri Əhməd əl-Xətib bildirib ki, ÜTT-in Yaxın Şərq üzrə baş qərargahının inauqurasiyası mayın 27-28-də Ər-Riyadda keçiriləcək “Regionda turizmin bərpası” adlı konfransda olacaq.