ÖZBƏKİSTANDA ULU ÖNDƏRİN 99 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Hyat Recens” otelində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan tədbir keçirilib. Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb. Daşkənddəki “Hyatt Regency” otelində təşkil olunan tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər. Mərasim iştirakçıları foyedə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin turizm imkanlarına dair fotoşəkillər, milli mədəniyyətimizə dair suvenirlərdən ibarət sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, bu böyük şəxsiyyətin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qazandığı uğurlardan danışıb. Diplomat Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb, bu böyük siyasi xadimin fəaliyyətinin inkişafa və rifaha yol açdığını vurğulayıb. O, Azərbaycanın inkişafından qürur duyduğunu, ölkəmizin bugünkü uğurlarını yüksək qiymətləndirdiyini söyləyib.