Meyvəçilik və Çayçılıq ETİ-nun Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanovun sözlərinə görə, çəyirdəkli meyvə bitkilərinin 4 calaqaltıları in-vitro üsulu ilə çoxladılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb.
O bildirir ki, bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə də adaptasiyası da uğurlu keçəcək. Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanovun sözlərinə görə , bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir. Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür və 5-ci ildə isə artıq bağa qoyulan xərcləri çıxarır. “Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən isə bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir.Yəni, məhsulun rəngi parlaq, ölçüləri iri və standart olurlar”. Xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir. Gələn ilin sonuna kimi Meyvəçilik və Çayçılıq ETİ-da 1 milyonadək tingin istehsalı planlaşdırılır.