ÇÖL FƏLSƏFƏSİNƏ İŞIQ SALAN YAŞAM ÖYÜDLƏRİ

Son dövrlərdə asfaltın cansıxıcı istisindən, betonun darıxdırıcı sükutundan, şəhərin qulaqbatıran səs-küyündən bezən insanlar təbiətin qoynuna, daha dəqiq desək, çölə can atır. Bu zaman, bəlkə də, insanın ilk məskəninin məhz elə çöl olduğu diqqətdən kənara qalır. “Çölçü” İctimai Birliyi əski türk adətləri və gələnəklərinin üzərində modernizə edilmiş, insanların təbiətdən kənarlaşmasına alternativ olaraq təbiətlə vəhdəti və harmoniyanı irəli sürən çölçülük submədəniyyətinin daşıyıcılarını öz sıralarına dəvət edir. Bu günlərdə “Çöldə yaşam öyüdləri” verilişinin növbəti qonağı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı İlham Tumas olub.