ZƏRQAVA SAKİNLƏRİ ÖLKƏ RƏHBƏRİNƏ MİNNƏTDARLIQLARINI BİLDİRDİLƏR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərqava kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Zərqava kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksi ilə tanış olub.