ZƏNGƏZUR DƏHLİZİ ÖLKƏMİZƏ BÖYÜK İMKANLAR QAZANDIRACAQ

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə ilə təkcə işğal olunmuş torpaqları azad etmədi , həm də regionda və dünyada yeni reallıq yaratdı. Qələbəmizin rəsmi təsdiqini özündə əks etdirən 10 noyabr sazişi bu reallığa damğasını vurdu. Bununla ölkəmiz qondarma “Dağlıq Qarabağ problemi”ndən birdəfəlik qurtuldu və indi Azərbaycanın daha çevik və sərbəst siyasət aparmaq imkanı var.Vətən savaşından öncə Azərbaycana “yol göstərmək” istəyən ölkələr bu gün bizimlə əməkdaşlığa can atırlar. Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf imkanları açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Bunu Zəngəzur dəhliziznin önəmindən danışan Türkiyəli general Yücel Karauz da vurğulyıbAzərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər də gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qısadır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verirlər, çünki məsafə qısaldıqca daşınma xərcləri ucuzlaşır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.