XİN AVSTRİYAYA İŞGÜZAR SƏFƏR EDİB

Mayın 26-da Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.Nazir tədbir iştirakçılarını Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, ölkəmizin 30 ildən artıq müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səy göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə məlumat verib. O, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.C. Bayramov Vətən müharibəsi dövrində diasporamız tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğunu vurğulayıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.Daha sonra nazir tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi barədə fikir mübadiləsi aparılıb.Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşüb.görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.Görüşdə nazir C.Bayramov 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib, həmsöhbətinin diqqətini müharibə zamanı Ermənistan tərəfindən heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına çəkib.Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edən nazir bu xüsusda, fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlərlə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib.