XARİCİ DİPLOMATLAR AĞDAM ŞƏHƏRİNİN BAŞ PLANI İLƏ TANIŞ OLUBLAR

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdama səfər edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib. Diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar. Onlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər. Diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib. Daha sonra diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər. Onlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib. Xarici diplomatlar Ağdam şəhərinə səfər ediblər. Onlar Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar. Onlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib. Diplomatlara Ağdam şəhərinin işğaldan öncəki vəziyyəti barədə də məlumat verilib. Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar. “Azərbaycan İnkişaf Şirkəti”nin memarı Anar Yusifli Ağdam şəhərinin Baş Planı barədə ətraflı məlumat verib. Səfər çərçivəsində xarici diplomatlar Şahbulaq qalasında olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomatlara Şahbulaq qalasının tarixi və erməni vandalizmi barədə məlumat verib. Ağdama səfər edən diplomatalar rayonun Qiyaslı kənd məscidinə baş çəkiblər. Diplomatlara ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat veriblər. Bununla da xarici diplomatların Ağdama səfəri başa çatıb.