VAŞİNQTONDA AZƏRBAYCAN MİLLİ DƏYƏRLƏRİ TANIDILDI

ABŞ-nin paytaxtı Vaşinqtonda 24-cü ənənəvi Türk festivalı keçirilib. Festival münasibətilə şəhərin mərkəzində yerləşən Pensilvaniya prospektinin bir hissəsi avtomobillərin hərəkətinə bağlanıb.

Minlərlə insanın qatıldığı tədbirdə Türkiyə, Azərbaycan və digər türkdilli xalqların milli mədəniyyəti, musiqisi, rəqsləri və mətbəx nümunələri nümayiş etdirilib. Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı musiqiçilərin çıxışları tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb. Azərbaycan Evinin təqdim etdiyi konsert proqramında müğənnilər Günay Quliyeva, Zaur Cəlil və Bəhruz Fərruxi, eləcə də DJ Bazaur çıxış ediblər. Azərbaycan musiqisinin sədaları altında təkcə soydaşlarımız deyil, xarici qonaqlar da rəqs ediblər. Festivalda Azərbaycan mətbəxi də ziyarətçilərin marağına səbəb olub. Artıq neçə ildir ki, Azərbaycan təamları tədbirin ən çox diqqətçəkən guşələrindən birinə çevrilib. Festivalda Azərbaycan yalnız milli musiqisi və mətbəxi ilə deyil, Amerikada yaşayan soydaşlarımızın yaradıcılıq nümunələri ilə də təmsil olunub.Azərbaycan musiqisinin sədaları, milli təamlarımız və soydaşlarımızın yaradıcılıq nümunələri Vaşinqtonun mərkəzində əsl Azərbaycan ab-havası yaradıb. Festival milli mədəniyyətimizin Amerika ictimaiyyətinə tanıdılması üçün növbəti fürsət olub.